Rumıniya Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Rumıniya hökuməti adından bu ölkənin energetika naziri Toma-Florin Petku tərəfindən Azərbaycanın energetika naziriNatiq Əliyevə ünvanlanan məktubunda deyilir.
“Məktubda Azərbaycanın aparıcı regional qaz istehsalçısı rolu, TSO şirkəti və SOCAR arasında tərəfdaşlıq münasibətləri təqdir edilərək, əməkdaşlığın dərinləşdirilməsində Rumıniyanın maraqlı olduğu qeyd edilib”, - deyə məlumatda vurğulanır.
Toma-Florin Petku bildirib ki, Rumıniya hökuməti fevralın 23-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünü dəstəkləyir və bu formatda əməkdaşlıqda əldə edilən nailiyyətləri yüksək qiymətləndiririr.
“Rumıniya əmindir ki, Cənub Qaz Dəhlizi həm qaz mənbələri, həm də nəql marşrutlarının diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyini artırmaq üçün ən ardıcıl seçim olaraq qalır”, - deyə rumıniyalı nazir qeyd edib.
Toma-Florin Petku N.Əliyevi ikitərəfli və regional layihələrin müzakirəsi və əməkdaşlığın inkişafına töhfə məqsədilə Rumıniyaya səfərə dəvət edib. **
N.Abbasova