Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində 31 yeni tövsiyyəni həyata keçirməlidir. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Azərbaycan Baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev OECD-nin rəsmiləri Tatyana Xvanska və Rusudan Mikelidze ilə görüşüb.
“Hazırkı IV Monitorinq Raundu üzrə hesabatda antikorrupsiya siyasəti, korrupsiyanın qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlər və korrupsiyaya görə cinayət məsuliyyəti, dövlət qulluğunda şəffaflıq, biznesdə dürüstlük istiqamətlərində ölkəmizdə həyata keçirilən islahatların möhkəmləndirilməsi və əməkdaşlığın gücləndirilməsinə istiqamətlənən 31, o cümlədən təhsil sahəsində 11 yeni tövsiyə öz əksini tapıb”, - deyə görüşdə vurğulanıb.
Tədbirdə T.Xvanska və R.Mikelidze çıxış edərək hesabatı təqdim ediblər. Onlar vurğulayıblar ki, rəsmi Bakı qeyd olunan tövsiyyələr üzrə tədbirləri 2019-cu ilədək həyata keçirməlidir.
Azərbaycan ilə səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edən rəsmilər həyata keçirilən genişmiqyaslı və sistemli hüquqi, institusional və inzibati islahatlar nəticəsində ölkəmizdə beynəlxalq standartlara cavab verən antikorrupsiya qanunvericiliyinin formalaşdırılması, korrupsiyanın qarşısının alınması və bu sahədə cinayət təqibinin həyata keçirilməsi, eləcə də dövlət qulluğunda və məhkəmə hakimiyyəti sistemində şəffaflığın artması, informasiyanın əldə edilməsi, təhsil, gömrük və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahələrində əhəmiyyətli uğurların qazanılmasını müsbət iş təcrübəsi kimi xüsusi vurğulayıblar.
K.Əliyev həmçinin bildirib ki, əvvəlki mərhələlərdə ölkəmiz üzrə tövsiyələrin böyük əksəriyyətinin uğurlu icrası nəticəsində Azərbaycan Gürcüstan ilə yanaşı, III Monitorinq Raundunu uğurla tamamlayaraq IV Monitorinq mərhələsinə ilk keçən iki ölkədən biri olub. **
R.Babayev