Fevralın 20-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Z.Həsənov və N.Rodiç Azərbaycan ilə Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, regiondakı hərbi-siyasi vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən səfir Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.*
F.İsazadə