Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi onun səmərəli ictimai-siyasi, mədəni və beynəlxalq fəaliyyətdəki uğurları ilə şərtlənib. Bu sözləri prezident İlham Əliyev deyib.
"M.Əliyeva uzun illərdir Azərbaycanın ictimai-siyasi, mədəni həyatında və beynəlxalq fəaliyyətində mühüm rol oynayır. O, bütövlükdə çoxşaxəli və uğurlu fəaliyyət həyata keçirir. Bu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb", - deyə dövlət başçısı bu gün Təhlükəsizlik Şurasının iclasındaM.Əliyevanı təqdim edərkən bildirib.
İ.Əliyev əlavə edib ki, M.Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Yeni Azərbaycan Partiyasının sədr müavinidir və bu gün partiyanın üzvlərinin sayı 700 min nəfərə çatır. M.Əliyeva Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, ölkə mədəniyyətinin təbliği istiqamətində böyük işlər görür.
"O, həmçinin 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları kimi irimiqyaslı tədbirlərin Təşkilat Komitəsinə başçılıq edib. Bütün bu tədbirlər gözəl təşkil olunmuşdu. M.Əliyeva IV İslam Oyunlarının Təşkilat Komitəsinə də sədrlik edir və bu Oyunların da yüksək səviyyədə keçiriləcəyinə şübhə etmirəm”, - deyə dövlət başçısı əlavə edib.*
A.Əzizov