2016-cı ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun işlənməsi üzrə operator) SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) AÇG blokundan 2,75 mlrd. kubmetr səmt qazı verib ki, bu da 2015-ci ilin göstəricisindən 14,1% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“2016-cı ildə SOCAR-a sutkada təxminən 7,5 mln. kubmetr səmt qazı tədarük etmişik”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2015-ci ildə ABƏŞ SOCAR-a 3,2 mlrd. kubmetr səmt qazı tədarük edib.
AÇG-dən hasil olunan səmt qazı SOCAR-a pulsuz verilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (35,78% - operator), “Chevron” (11,27%), “ExxonMobil” (8%), ONGC (2,72%), SOCAR (11,65%), “Inpex Corp.” (10,96%), “ITOCHU Oil” (4,3%), “Statoil” (8,56%) və TPAO (6,75%) şirkətləridir.*
N.Abbasova