2016-cı ildə “BTC Co” şirkətinin (Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi və istismarı üzrə operator) BTC layihəsi üzrə əsaslı xərcləri 2015-ci illə müqayisədə 1,7% - $58 mln.-dək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Hesabat ilində BTC üzrə əməliyyat xərclərinə $118 mln. yönəldilib”, - deyə məlumatda bildirilir.
İstismara verildiyi 2006-cı il iyun ayının 4-dən 2016-cı ilin sonunadək boru kəməri vasitəsilə 349 mln. ton neft Ceyhan limanında 3,425 min tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Ötən il BTC vasitəsilə 33,5 mln. ton neft ixrac olunub və Ceyhan limanından 313 tanker yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan (2010-cu ilin iyun ayından) və Qazaxıstan nefti (2013-cü ilin oktyabrından) də nəql olunur.*
N.Abbasova