«Air Arabia Airlines» şirkəti martın 16-da Şərca-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirəcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan ilə görüşüb.
“Görüş zamanı martın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərindən Bakıya ilk birbaşa reysin həyata keçiriləcəyi və bu reys vasitəsilə BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfər edəcəkləri bildirilib”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, aprel ayında «Air Arabia Airlines» turizm şirkətlərinin nümayəndələrinin Hindistandan Bakıya səfərini təşkil etməyi planlaşdırır.
Görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.*
R.Babayev