Fələstin baş nazirinin müavini Ziyad Abu Amr mart ayında Bakıya gələcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Səfərdə məqsəd martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir”, - deyə məlumatda qeyd edilir.
Ziyad Abu Amr forumda terrorizmlə mübarizə mövzusunda çıxış edəcək.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən V Qlobal Bakı Forumunda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.
Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər və ictimai xadimlər, o cümlədən Latviya və Albaniya prezidentləri Raymond Veyonis və Buyar Nişani iştirak edəcəklər.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.*
R.Babayev