SOCAR və “ITOCHU Oil Exploration Co. Ltd.” şirkəti arasında elmi-texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Memorandum fevralın 22-də SOCAR-ın Baş ofisində Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn Yaponiya nümayəndə heyəti ilə görüşdən sonra imzalanıb”, - deyə məlumatda bildirilir.
Sənədin detalları barədə məlumat verilmir.
Yapon nümayəndə heyətinin rəhbəri, ITOCHU korporasiyasının vitse-prezidenti Yoiçi Kobayaşi qeyd edib ki, Yaponiya şirkətləri SOCAR-ın həyata keçirdiyi layihələrə həmişə diqqət yetirir, istər neft-qaz hasilatı, istərsə də emal, treydinq və digər istiqamətlərdə əməkdaşlığın genişləndirməsinə böyük maraq göstərirlər.
Görüşdə iştirak edən “Sumitomo Corporation LLC”, “Mitsubishi Corporation”, “Panasonic Marketing CIS Oy” və digər şirkətlərin rəhbərləri SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.*
N.Abbasova