Rəsmi Bakı beynəlxalq birliyi Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı Ermənistan tərəfindən törədilən soyqırım və cinayətləri qınamağa çağırıb.
“Xocalı soyqırımının 25-ci ildönümünü anaraq, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən Xocalıda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri və soyqırım aktını pisləməyə və tanımağa çağırır", - deyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, Xocalı soyqırımı öz hüquqi qiymətini almalıdır.
“Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, həmçinin mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə xidmət edəcək”, - deyə sənəddə bildirilir.
“Öz müqəssirliyini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və hazırkı prezidenti Serj Sarqsyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”, - deyə bəyanatda qeyd olunur.
Nazirlik vurğulayır ki, 15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər. **
R.Babayev