Gürcüstan prezidenti Giorgi Marqvelaşvili cari ilin mart ayında Azərbaycana səfərə gələcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“G.Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfəri zamanı prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir”, - deyə məlumatda qeyd olunur.
İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən V Qlobal Bakı Forumunda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.
Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər və ictimai xadimlər, o cümlədən Latviya və Albaniya prezidentləri Raymond Veyonis və Buyar Nişani iştirak edəcəklər.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.**
R.Babayev