SOCAR və İtaliyanın “Leonardo” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanacaq.
Bu barədə fevralın 23-də prezident İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşü zamanı qeyd olunub.
Dövlət başçısının saytında verilən məlumata görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində prezident İ.Əliyev ilə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq memorandumun imzalanmasına dair razılıq əldə edilib.
İ.Əliyev diqqətə çatdırıb ki, hazırda siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir və ölkələrimiz arasında əlaqələrin inkişafı şaxələndirilir.
K.Kalenda ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə İtaliya hökuməti adından dövlət başçısına minnətdarlığını çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, İtaliya Azərbaycandan böyük həcmdə neft və enerji məhsulları idxal edir.*
R.Babayev