Azərbaycan tərəfi Rusiya ilə sərhəddə kənd təsərrüfatı məhsullarının saxlanılması barədə “Rosselxoznadzor”dan rəsmi bildiriş almayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Fitosanitar Xidmətinin rəisi Camal Quliyev məlumat verib.
"Rusiya tərəfindən bununla bağlı heç bir bildiriş almamışıq", - deyə o bildirib.
Xidmət rəisinin sözlərinə görə, qaydalara əsasən sərhəddə hər hansı xəstəliyə yoluxan kənd təsərrüfatı məhsulları partiyası aşkarlandıqda, həmin məhsullar gəldiyi ölkəyə qaytarılır. "Rusiya tərəfindən nə tütün, nə də çay məhsulları geri göndərilib", - deyə o qeyd edib.
Son bir həftə ərzində “Rosselxoznadzor” Azərbaycandan karantin alaq otu – küskütotunun toxumları ilə yoluxmuş 21 ton qıcqırdılmış tütünün və sürünən kəkrə ilə yoluxmuş 18,9 ton yaşıl çayın Azərbaycandan idxalının qarşısının alınması barədə məlumat yayıb.*
A.Axundov