“Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin dəyəri $40 mlrd.-dan çox olmayacaq. Bu barədə energetika naziri Natiq Əliyev bu gün mətbuat konfransında məlumat verib.
"İlkin mərhələdə layihə $45 mlrd. dəyərində qiymətləndirilirdi. İndiki hesablamalara görə, onun dəyəri $40 mlrd.-dan çox olmayacaq", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
Nazir qeyd edib ki, layihə üzrə ucuzlaşma boru və bəzi xidmətlərin qiymətlərinin aşağı düşməsi nəticəsində onun bütün komponentlərini əhatə edir.
O, əlavə edib ki, digər Avropa ölkələri tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsinə maraq artır.
"Azərbaycan qazının CQD vasitəsilə Bolqarıstana tədarükü bizim üçün yeni perspektivlər açır. CQD layihəsinin iştirakçılarının sayının artmasına gəlincə, ilk növbədə söhbət İon-Adriatik qaz kəməri layihəsinin iştirakçıları olan Albaniya, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyadan gedir. Biz bu ölkələrlə sıx əməkdaşlıq edirik, onlar CQD layihəsinə böyük maraq göstərirlər və təkliflərini bizə təqdim ediblər. Biz bu təklifləri öyrənəcəyik", - deyə N.Əliyev diqqətə çatdırıb.*
N.Abbasova