“Fitch Ratings” beynılxalq reytinq agentliyi hesab edir ki, SOCAR 2015-ci ilin dekabr ayında yanğının baş verdiyi “Günəşli” yatağındakı 10 saylı platformada neft-qaz hasilatını 2017-2018-ci illərdə bərpa edə biləcək.
"SOCAR bu platformada hasilatı 2017-ci ilin yanvar ayında bərpa etməyi planlaşdırsa da, 2016-cı ilin noyabr ayına 28 quyudan yalnız 4-ü işlək vəziyyətdə olub. Bizim qiymətləndirmələrimizə görə, 2017-2018-ci illərdə bu platformadan hasilat tədricən bərpa olunacaq", - deyə “Fitch”in məlumatında bildirilir.
Platformada hasilat bərpa olunduqca SOCAR neft hasilatının həcmini 270-280 min barel səviyyəsində saxlaya biləcək.
2016-cı ildə SOCAR üzrə neft hasilatı 248 min barel həcmində olub ki, bu da 2015-ci ilin göstəricisindən 8% azdır. Hasilatın azalması həm də “Günəşli” yatağındakı 10 saylı platformada hasilatın dayandırılması ilə əlaqədar olub.
Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması və boru kəmərinin zədələnməsi nəticəsində yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib. 14 neftçinin cəsədi tapılıb, 16 nəfərin axtarışları davam etdirilir.
Qəza baş verənə qədər platformada hasilat 24-ü neft, 4-ü qaz quyusu olmaqla 28 quyudan həyata keçirilirdi. Sutkalıq qaz hasilatı 1,3 mln. kubmetr, neft hasilatı 1 min ton təşkil edirdi.
Ötən ilin iyul ayında SOCAR 10 saylı platformanın bərpası çərçivəsində birinci quyudan hasilatı (gündəlik neft hasilatı 100 ton) bərpa edib.*
A.Əzizov