Nazirlər Kabineti “MİDA” MMC-yə Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsinin ayrılmasını təsdiq edib.
“Nazirlər Kabineti fevralın 22-də güzəştli mənzil tikintisi üçün Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsinin “MİDA” MMC-nin sərəncamına verilməsini təsdiq edib. Bu ərazi MMC-yə güzəştli mənzil tikintisi üçün ayrılmış ikinci torpaq sahəsidir. Torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə ilk növbədə ərazinin “Şəhərsalma əsaslandırılması”nın hazırlanması işinə başlanılacaq. Ərazidən şəhərsalma normalarına uyğun şəkildə səmərəli istifadə olunmasını təmin edəcək bu sənəd yaşayış massivinin həcm-planlaşdırma və funksional həllini əsaslandıracaq. Hazırlanacaq “Şəhərsalma əsaslandırılması”na uyğun olaraq növbəti mərhələdə yaşayış evlərinin və digər sosial məqsədli tikililərin eskiz layihələri və işçi sənədləri hazırlanacaq, habelə mühəndis-kommunikasiya təminatı sisteminin və yol-nəqliyyat infrastrukturunun yaradılması işi planlaşdırılacaq”, - deyə agentliyin məlumatında bildirilir.
Qeyd edək ki, bu torpaq sahəsi Zığ - Hava Limanı yolu ilə Hövsan qəsəbəsi arasında yerləşir. İlkin hesablamalara görə, bu ərazidə tikiləcək mənzillərin sayı təxminən 4000 olacaq. Bununla belə, yekun rəqəm hazırda müzakirə edilən bir sıra detallardan asılı olacaq.*
A.Əzizov