Xocalı soyqırımı Azərbaycanın ən yeni tarixində ən qanlı cinayətdir. Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.
«Xocalı soyqırımı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər arasında miqyasına görə ən dəhşətli cinayətdir», - deyə o, bu gün Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş plenar iclasda bildirib.
Sədr qeyd edib ki, bu faciə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətində yeni qanlı səhifədir”.
«200 illik tarixi olan bu siyasət erməniyönümlü qüvvələrin dəstəyi ilə yürüdülüb. Onların köməyi ilə ermənilər öz çirkin məqsədlərinə çatıblar. Ötən əsrdə ermənilər tərəfindən yüz minlərlə azərbaycanılı öldürülüb», - deyə o vurğulayıb.
Spiker əlavə edib ki, Azərbaycanın tarixi torpaqları olan İrəvanda, Zəngəzurda və digər ərazilərdə erməni dövləti yaradılıb.
«1948-1953-cü və 1988-1992-ci illərdə 1,5 mln. azərbaycanlı Ermənistandan və Dağlıq Qarabağdan, eləcə də ona qonşu rayonlardan deportasiya edilib», - deyə o diqqətə çatdırıb.
O.Əsədovun sözlərinə görə, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Xocalı soyqırımına siyasi qiymət verilməsinə nail oldu. Bundan başqa, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycan rəhbərliyinin beynəlxalq səviyyədə yürütdüyü məqsədyönlü siyasət nəticəsində bir sıra dövlətlərin parlamentləri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyən və günahkarların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edən qərar və qətnamələr qəbul ediblər.*
R.Babayev