Azərbaycan rəhbərliyi Qarabağ münaqişəsinn sülh yolu ilə həllinə tərəfdar olsa da, eyni zamanda hərbi potensialını da gücləndirir. Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
«Prezident İlham Əliyev sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi işğal altında olan torpaqlarımızın hərbi yolla geri qaytarılmasına da hazırlayır», - deyə o, bu gün parlamentin plenar iclasında bildirib.
Vitse-spikerin sözlərinə görə, münaqişənin həlli variantları haqqında qərarı ölkə başçısı verir. «Siz deyirsiniz ki, gedib vuruşmaq lazımdır. Mən bu addımı dünya siyasətinin tərkib hissəsi olaraq görürəm», - deyə B.Muradova deputat Zeynəb Xanlarovanın işğal edilmiş torpaqlarımızın hərbi yolla azad edilməsi ilə bağlı irəli sürdüyü təklifə belə münasibət bildirib.
Sədr müavini vurğulayıb ki, siyasətlə siyasətçilər, müharibə ilə hərbçilər məşğul olmalıdır.
Onun sözlərinə görə, bu yaxınlarda keçirilən Münhen Təhlükəsizlik Konfransında prezident İlham Əliyev bu məsələ ilə bağlı açıq şəkildə fikir bildirib. «İ.Əliyev güclü siyasətçi və lider kimi qəti mövqeyini ortaya qoyaraq bəyan edib ki, ayrı-ayrı kabinetlərdə dünyanı hissələrə bölürlər. Problemi güc yolu ilə həll etməyə hazırlaşdıqda belə, bu cür addımları siyasət, danışıqlar, diplomatiya ilə möhkəmləndirmək lazımdır. Xocalı, Qaradağlı problemləri barədə danışmaq lazımdır, əks halda beynəlxalq birlik onlarla bağlı qərar və qətnamə qəbul etməyəcək», - deyə B.Muradova əlavə edib.
O vurğulayıb ki, Xocalı soyqırımı artıq 23 ölkənin parlamentləri tərəfindən tanınıb.
Qeyd edək ki, Z.Xanlarova bu gün işğal altında olan torpaqlarımızı hərbi yolla azad etməyi təklif edib. “Danışıqlar mənə çatmır. Sadəcə oturub torpaqların işğaldan nə zaman azad ediləcəyini gözləmək olmaz. Onları müharibə yolu ilə qaytarmaq lazımdır”, – deyə o vurğulayıb.*
R.Babayev