ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərən bir qrup erməni təxribatçının təxribatının qarşısını alıblar. Bu barədə səfirliyin məlumatında deyilir.
“Fevralın 26-da bir qrup erməni təxribatçı Ermənistan hakimiyyətinə bağlı erməni lobbist təşkilatlarının təşəbbüsü və dəstəyi ilə Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında aksiya keçirməyə çalışıb”, - deyə məlumatda bildirilir.
Az sayda iştirakçının qatıldığı aksiyada əsas diqqət “Sumqayıt hadisələri” ilə bağlı guya Azərbaycan tərəfinə etirazın bildirilməsi və ölkəmizə qarşı təxribatçı şüarların səsləndirilməsi olub.
“Sözügedən aksiyadan xəbər tutan Azərbaycan diasporunun üzvləri həmin təxribata qarşı aksiya keçirərək Qarabağın əzəli Azərbaycan torpağı olduğu, Ermənistanın işğalçı dövlət kimi Azərbaycan torpaqlarını dərhal boşaltması, Ermənistan hakimiyyətinin Xocalıda törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasına yönəlmiş çağırışlar edərək erməni aksiyasını uğursuz vəziyyətə salıb. Soydaşlarımızın səsləndirdiyi Əsgər Marşı və Dövlət Himni sədaları altında erməni təxribatçı qrupu dağılışmaq məcburiyyətində qalıb”, - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, erməni lobbistlərinin bu təxribatçı aksiyasının əsas məqsədi Azərbaycan tərəfindənXocalı qətliamı barədə həqiqətlərin ABŞ-da tanıdılması üçün bir çox şəhərlərdə həyata keçirdiyi çoxsaylı tədbirlərdən diqqəti yayındırmaqdır.*
F.İsazadə