“PAŞA Sığorta” şirkəti 2016-cı ildə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Sığorta” 100 mln. 12,147 min manat və ya 2016-cı il ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 20,6%-i həcmində sığorta haqqı toplayıb.
Ötən ilin yekunları üzrə əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı şirkətlərin beşliyinə “PAŞA Həyat Sığorta” (77 mln. 678,739 min manat), “Azərsığorta” (41 mln. 224,916 min manat), “Atəşgah” (39 mln. 814,927 min manat) və “Atəşgah Həyat” (37 mln. 435,501 min manat) da daxil olub.
Hesabat dövründə bazarda fəaliyyət göstərən 25 şirkətdən 6-nın sığorta haqları 30 mln. manatdan, 4 şirkətin sığorta haqları 20 mln. manatdan, 2 şirkətin sığorta haqları 10 mln. manatdan çox, 3 şirkətin sığorta haqları 5 mln. manatdan 10 mln. manatadək, 5 şirkətin sığorta haqları 1 mln. manatdan 5 mln. manatadək, 3 şirkətin sığorta haqları 500 min manatdan 1 mln. manatadək, 2 şirkətin sığorta haqları 500 min manatdan az olub.
2016-cı ildə ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 47 mln. 438,605 min manat və ya sığortaçıların bütün ödənişlərinin 9,8%-ni təşkil edib.
Ötən ilin yekunları üzrə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə “PAŞA Həyat Sığorta” (45 mln. 907,276 min manat), «Atəşgah Həyat Sığorta” (27 mln. 111,809 min manat), “Qala Həyat Sığorta” (21 mln. 959,718 min manat) və “Azərsığorta” (16 mln. 166,169 min manat) da daxil olub.
Hesabat ilində bazarda fəaliyyət göstərən 25 şirkətdən 6-nın ödənişləri 10 mln. manatdan, 5 şirkətin ödənişləri 5 mln. manatdan çox, 7 şirkətin ödənişləri 1 mln. manatdan 5 mln. manatadək, 2 şirkətin ödənişləri 500 min manatdan 1 mln. manatadək, 5 şirkətin ödənişləri 500 min manatdan az olub.
2016-cı ildə sığorta şirkətlərinin sığorta haqları 486,074 mln. manat, ödənişləri 237,251 mln. manat təşkil edib.*
A.Axundov