Yaxın Şərq ölkələrinin indiki və sabiq xarici işlər nazirləri martda V Qlobal Bakı Forumu çərçivəsində terrorizm və ekstremizmlə mübarizə məsələlərini müzakirə edəcəklər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənməlumat verilib.
“Forum çərçivəsində beynəlxalq münasibətlərin gələcəyi, bu əlaqələrin nizama salınmasında zəruri olan ittifaqların qurulması, terrorizmlə mübarizənin yolları, transatlantik münasibətlərin gələcəyi, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidləri müzakirə ediləcək, qlobal problemlərin həlli yolları barədə təkliflər səsləndiriləcək”, - deyə məlumatda qeyd olunur.
Martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda Liviyanın xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin və ilk dəfə Forumda təmsil olunan İranın sabiq xarici işlər naziri Mənuçöhr Mottaki iştirak edəcəklər.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən V Qlobal Bakı Forumunda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.
Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər və ictimai xadimlər, o cümlədən Latviya prezidenti Raymond Veyonis, Albaniya prezidenti Buyar Nişani, Monteneqro prezidenti Filip Vuyanoviç, Makedoniya prezidenti Georgi İvanov və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili iştirak edəcəklər.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.*
R.Babayev