2017-ci ildə Azərbaycanda 70 min abituriyentin qəbul imtahanında iştirak üçün lazım olan məbləğ dövlət büdcəsi hesabına ödəniləcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam təxminən 70 min gənci əhatə edəcək”, - deyə M.Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, ali məktəblərə daxil olmaq üçün sənəd təqdim edən abituriyentlərin sayının artdığını qeyd edib.
“Ötən il 56 min nəfər qəbul imtahanına sənəd təqdim edib”, - deyə M.Abbaszadə vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda gələcəkdə qəbul imtahanlarında iştirakın sayının artırılması təcrübəsi tətbiq olunacaq
“Bu il abituriyentlərə seçdiyi ixtisas qrupuna uyğun olaraq, qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradılacaq. Gələcəkdə bir ildə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq. Düzdür, ikinci dəfə abituriyentlər özləri ödəniş edəcəklər”, - deyə M.Abbaszadə qeyd edib.
Cari il birinci və dördüncü ixtisas qrupları üzrə daxil olan abituriyentlərə iki dəfə imtahan vermək şansı veriləcək.
M.Abbaszadənin sözlərinə görə, yaxın günlərdə Tarif (qiymət) Şurası müsabiqədə iştirak ödənişinə dair qərarını elan edəcək. “Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq”, - deyə o vurğulayıb. **
R.Babayev