Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin yeni prezidenti seçilib. Bu barədə
Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib.
“Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti, iş adamı Füzuli Məmmədov birinci vitse-prezidenti seçildilər”, - deyə məlumatda deyilir.
Samira Patzer-İsmailova Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti seçildi.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının iştirakçılarına müraciətini oxudu.
“Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. Eyni zamanda, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya etməsi, ictimai rəyə təsir imkanlarına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir”, - deyə Ə.Həsənov qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan rəhbərliyinin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi.**
R.Babayev