Prezident İlham Əliyev şair Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
“Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib”, - deyə o, AZƏRTAC-a bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, son illər ərzində onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb.
“Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar”, - deyə Ə.Həsənov vurğulayıb.*
R.Babayev