Azərbaycan 2017-2018-ci illərdə şərabçılıq məhsullarının ixracını 10 dəfədən çox artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2016-cı ildə Azərbaycan $3,5 mln. dəyərində şərabçılıq məhsulları ixrac edib.
"Qarşımızda üzüm və şərabçılıq məhsullarının istehsal həcminin artırılması vəzifəsi durur. Bundan başqa, biz şərabçılıq məhsullarının ixracını 10 dəfədən çox artırmağı nəzərdə tuturuq", - deyə məlumatda bildirilir.
2016-cı ildə yaradılan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzərinə bununla bağlı mühüm vəzifə düşür.
Şərabçılığın inkişaf etdirilməsi və üzümün əkin sahəsinin artırılması məqsədilə hökumət Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara və fermerlərə kreditin verilməsini davam etdirməyi planlaşdırır. "Şərabçılıq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar bu günədək fondun xətti ilə 40 mln. manat məbləğində güzəştli kredit alıblar. Bundan başqa, 2016-cı ildə 18 fermer üzümçülüyün inkişaf etdirilməsi üçün 216 min manat məbləğində kredit alıb", - deyə məlumatda qeyd edilir.*
A.Əziov