Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı ATƏT-in Qarabağ münaqişəsi zonasında monitorinq keçirməsi ilə bağlı vəziyyət barədə yalan məlumat yaymaqda ittiham edib.
“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-dəAğdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb. Bununla belə, Ermənistan mətbuatı guya Azərbaycan tərəfinin monitorinq zamanıATƏT-in missiyasını ön mövqelərə çıxarmamaqda ittiham etməyə cəhd göstərib”, - deyə nazirliyin bəyanatında bildirilir.
Müdafiə Nazirliyinin qiymətləndirmələrinə görə, erməni tərəfinin bu cür bəyanatları təxribat xarakteri daşıyır. “Erməni tərəfi mütəmadi olaraq buna bənzər böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür", - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir və monitorinqin bitməsini orada iştirak edən səhra köməkçiləri özləri təsdiq edirlər.*
R.Babayev