SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-fevral aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 525,382 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
2016-cı ilin yanvar-fevral aylarında SOCAR Supsa limanından 423,264 min ton neft ixrac edib. Beləliklə, bu ilin müvafiq dövründə limandan ixracın həcmi 24,1% artıb.
Fevral ayında şirkət Supsa limanından 349,272 min ton neft yola salıb.
Ötən il limandan 2 mln. 383,854 min ton neft ixrac edilib.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqları blokunun işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.*
N.Abbasova