Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Sabunçu rayonunun Pirşağı qəsəbəsində 226 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan M.Əliyevaya məlumat verdi ki, körpələr evi-uşaq bağçası Pirşağı qəsəbəsi 112 saylı orta məktəbin binasında 2 qrupla fəaliyyətə başlayıb. Bu məktəbin binası qəzalı vəziyyətdə olduğundan 2011-ci ilin aprel ayında söküldükdən sonra uşaq bağçası Pirşağı qəsəbə nümayəndəliyinin birmərtəbəli binasında 2 otaqda yerləşdirilib. Uşaq bağçası 35 yerlik 2 qrupdan ibarət idi. 2013-cü ilin iyun ayında qeyd edilən ünvanda yerləşən birmərtəbəli köhnə bina sökülərək yerində uşaq bağçası üçün yeni binanın inşasına başlanıldı.
İndi 110 yerlik bu müəssisədə 2-6 yaş arasında uşaqlar tərbiyə olunurlar.
Bundan başqa, M.Əliyeva martın 1-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Bu məktəb 1961-ci ildən fəaliyyət göstərir. Yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. **