Prezident İlham Əliyev hesab edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə əməl etmədiyi halda sanksiyalara məruz qalmalıdır.
"BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır”, - deyə İ.Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı bəyan edib.
Dövlət başçısının çıxışının mətni bu gün rəsmi mətbuatda dərc edilib.
Prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
O əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılıb.
İ.Əliyev regional əməkdaşlığın qurulması üçün təhlükəsizlik və sabitliyin təmin edilməsini vacib hesab edir. "Təəssüf ki, yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur. Biz insan faciəsinin şahidi oluruq. Çoxlu sayda insanlar həyatlarını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir", - deyə o vurğulayıb.
“Azərbaycan öz təcrübəsindən bu ağrı və acıları yaxşı anlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılmış və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılıb”, - deyə prezident diqqətə çatdırıb.*
A.Əzizov