26-28 aprel tarixlərində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2017” sərgisi keçiriləcək.Bu barədə “ITE Group” ilə birlikdə sərginin təşkilatçısı olan “Iteca” şirkətinin məlumatında deyilir.
“Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi - dəniz və dəmir yolları vasitəsi ilə yükdaşımalar, lokomotivlər, sərnişin və yük vaqonları, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün avadanlıq və komponentlər, gəmiqayırma və gəmi təmiri, dəniz limanları və liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün komponentlər və digər istiqamətlər təqdim olunacaq”, - deyə məlumatda bildirilir.
Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Ukrayna Dəmir Yolları İdarəsi kimi dövlət nəqliyyat strukturları da iştirak edəcəklər.
Sərgi proqramı çərçivəsində “Rusaqrotrans” ASC şirkəti öz stendində taxıl yüklərinin Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyə istiqamətlərində daşınması üzrə təqdimat keçirəcək.
“AVP Texnologiya” MMC isə “RIRTCD” ASC ilə birlikdə “Lokomotiv təsərrüfatı üçün qabaqcıl texnologiyalar” mövzusunda seminar təşkil edəcək.
“TransCaspian/Translogistica 2017” sərgisi 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri ilə eyni meydançada keçiriləcək.*
N.Abbasova