Azərbaycan İspaniyaya 128 ton fındıq ixrac etməyi planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
“Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan şirkətləri kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı məsələləri müzakirə ediblər. Azərbaycan şirkətlərindən biri İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb", - deyə məlumatda bildirilir.
Bununla yanaşı, Azərbaycandan Səudiyyə Ərəbistanına ət və ət məhsullarının ixracı ilə bağlı danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq birgə müəssisənin yaradılması məsələləri də müzakirə olunub.
Bundan başqa, iş adamları arasında keçirilmiş görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.*
A.Əzizov