2016-cı ildə Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 50,3 mln. ton təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 3,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəhliz çərçivəsində yüklərin 13,8 mln. tonu və ya 27,4%-i dəmir yolu nəqliyyatı, 31,5 mln. tonu və ya 62,6%-i avtomobil nəqliyyatı, 5 mln. 915,1 min tonu və ya 10%-i dəniz nəqliyyatının payına düşüb.
“Ötən il TRACECA dəhlizi ilə yük daşımalarının həcminin azalması 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəniz və dəmir yolu nəqliyyatı vasitəsilə daşınmış yüklərin həcmində müvafiq olaraq 10,9% və 17,7% azalma ilə əlaqədardır. Hesabat ilində avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb”, - deyə məlumatda qeyd olunur.
TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 7,9 mln. ton və ya 15,7% tranzit yüklərin payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova