Pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsi bu sahədə islahatların əsas istiqamətidir. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevdeyib.
“Əsas məqsəd olaraq pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin yaradılması və pensiya təminatı sistemində iştiraka marağın daha da artırılması təmin ediləcək”, - deyə o, Beynəlxalq Valyuta Fondunun (BVF)ekspertləri Karolina Kastellanos və Vina Nguyen ilə görüşdə vurğulayıb.
Nazirliyin məlumatında bildirilir ki, ekspertlərə pensiya qanunvericiliyinin təkmilləşdirilməsi üçün hazırlanan yeni qanun layihəsi barədə məlumat verilib.
K.Kastellanos və V.Nguyen Azərbaycanda milli iqtisadiyyatın inkişafına yönələn proseslərin eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi və əmək resurslarının məşğulluğunun təmin edilməsi yönündə ardıcıl addımların atılması ilə müşahidə olunmasını yüksək dəyərləndiriblər.
Pensiya təminatında sığorta prinsiplərinin daha da gücləndirilməsinin bu təminat sisteminin ən vacib faktoru olduğunu bildirən ekpertlər bu istiqamətdə islahatların da uğurlu nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.*
R.Babayev