2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $993 mln. məbləğində gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Ötən ilin müvafiq dövründə AÇG-dən hasil edilən mənfəət neftinin satışından ARDNF-ə daxilolmalar $790 mln. təşkil edib.
“Ümumilikdə 2001-ci ildən 2017-ci il martın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $123 mlrd. 102 mln. məbləğində vəsait daxil olub”, - deyə məlumatda qeyd olunur.
2016-cı ildə AÇG-dən hasil edilən mənfəət neftinin satışından ARDNF-in gəlirləri $5,1 mlrd. təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları Britaniyanın BP (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova