Tehran və Bakı ümid edir ki, Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə verəcək.
Bu barədə İran İslam Respublikasının prezidenti Həsən Ruhani bazar günü Tehranda Azərbaycan prezidenti İlham Əliyevin mətbuata bəyanatlarla çıxışı zamanı qeyd edib.
“Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın”, - deyə H.Ruhani vurğulayıb.
O bildirib ki, Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır.
“Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Biz bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun”. - deyə H.Ruhani bəyan edib.
Onun sözlərinə görə, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməlidir. **
A.Axundov