Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda ədalətli nizamlanmasına ümidvardır.
“Ümidvaram ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın perspektivdə öz ədalətli həllini tapmaqla regiona hərtərəfli inkişaf gətirəcək”, - deyə E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Fəcr” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda iqtisadiyyatın inkişafı, qeyri-neft sektorunun diversifikasiyası istiqamətində köklü islahatlar həyata keçirilir.bu günlərdə TAP, TANAP, Böyük İpək Yolu, Şİmal-Cənub kimi nəhəng qlobal enerji və nəqliyyat layihələri həyata keçirilir.
“Bu da öz növbəsində, ölkəmizin siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək, xalqımızın rifahını daha da artıracaq”, - deyə nazir vurğulayıb.
E.Məmmədyarov bildirib ki, hazırda Azərbaycan geosiyasi və geoiqtisadi cəhətdən bölgənin ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur.Təsadüfi deyildir ki, respublikamız regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də iştirakçısı rolunda çıxış edir.**
R.Babayev