Təhsil Nazirliyi yanında “Təhsilin məzmunu və dərsliklər” və “Təhsil və məşğulluq” üzrə Daimi şuralar yaradılıb.
“Daimi şuralar təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə yaradılıb”, - deyə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərlərinə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradacaq. “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın rəhbəri təhsil nazirinin müavini Ceyhun Bayramovdur.
“Təhsil və məşğulluq” üzrə Daimi Şura təhsilin aşıladığı səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və digər mövzuları dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə müzakirə etmək üçün açıq və konstruktiv platforma rolunu oynayacaq. “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın rəhbəri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevdir.*
R.Babayev