Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva parlament tərəfindən amnistiya aktlarının qəbul edilməsi ənənəsinin saxlanacağına əmindir.
Bu gün Milli Məclisdə çıxışı edən M.Əliyeva 2007, 2009, 2013 və 2016-cı illərdə irəli sürdüyü əfv aktlarının qəbul edilməsi təşəbbüslərini dəstəklədikləri üçün deputatlara təşəkkürünü bildirib.
«Bu 4 əfv aktı cəmi 39,887 min məhbusa şamil edilib. Göstərdikləri dəstəyə görə həmkarlarıma minnətdarlığımı bildirirəm. Bu dəstək sayəsində on minlərlə şəxs azadlığa qovuşub. Əminəm ki, bu ənənələr davam etdiriləcək», - deyə I vitse-prezident vurğulayıb.
O, səhiyyə sahəsində görülən böyük işlərə də toxunub. «Vətəndaşlarımızın üzləşdiyi qan-damar sistemi xəstəlikləri bir həkim kimi məni çox narahat edir. Son illər Milli Məclisdə talassemiya və hemofiliya sahələrində qanunlar qəbul edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə talassemiya Mərkəzi tikilib, burada 40-dan artıq uşaq üzərində sümük iliyi köçürülməsi əməliyyatları aparılıb», - deyə M.Əliyeva bildirib.
O qeyd edib ki, Azərbaycanda nikaha girən vətəndaşların icbari tibbi müayinəsinin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. «Parlament bu təşəbbüsləri dəstəkləyərək müvafiq qanun qəbul edib», - deyə I vitse-prezident əlavə edib.*
R.Babayev