2016-cı ildə Azərbaycanda 2,7 min tondan artıq bal istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«Ötən il respublikada 2700,2 ton bal və 76,2 ton mum istehsal edilib», - deyə məlumatda bildirilir.
2016-cı il üzrə arıçılıq məhsullarının istehsalına dair məlumatları əldə etmək məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən seçmə statistika müayinəsi keçirilib. Müayinəyə arı ailələri olan 25 kənd təsərrüfatı müəssisəsi, reprezentativlik təmin olunmaqla seçmə qaydada 456 fərdi sahibkar, ailə kəndli, ev təsərrüfatları cəlb olunub.
Müayinənin yekunlarına əsasən 2017-ci ilin əvvəlinə həmin təsərrüfatlarda 20,014 min arı ailəsi, o cümlədən kənd təsərrüfatı müəssisələrində 952 arı ailəsi və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında 19,062 min arı ailəsi mövcud olub.
Təsərrüfatların 97,3 faizi balı satmaq üçün istehsal edib.
Müayinə ilə əhatə olunmuş təsərrüfatlar üzrə orta hesabla bir arı ailəsindən 10,4 kq bal süzməklə il ərzində 207,8 ton bal istehsal edilib. İlin əvvəlinə olan 16,7 ton qalıq da nəzərə alınmaqla 193,5 ton bal satılıb, 8,2 ton bal isə təsərrüfatların şəxsi istehlakı üçün istifadə edilib. İstehsalçılarda cari ilin əvvəlinə 22,8 ton bal ehtiyatı mövcud olub.
2016-cı ildə 5915 kq mum istehsal edilib. Mumun 1 kiloqramının orta satış qiyməti 11,9 manat olub.
“Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildiyi dövrdən sonrakı 8 ildə arı ailələrinin sayı 82,5 faiz artaraq cari ilin əvvəlinə 260,1 minə çatıb.*
R.Babayev