Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi işləri başa çatdırılıb. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan edib.
“Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi işləri başa çatdırılıb”, - deyə Ə.Həsənov martın 9-da Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bildirib. Bu barədə rəsmi mətbuat məlumat verir.
Onun sözlərinə görə,kəndin bərpası ilə bağlı layihələndirmə işləri yekunlaşıb, yaşayış evlərinin, orta məktəb binasının tikintisinə başlanılıb.
“Eyni zamanda, Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi həyata keçirilir”, - deyə Ə.Həsənov vurğulayıb.
Baş nazirinin müavini qeyd edib ki, Azərbaycan prezidentinin sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulur. **
R.Babayev