Azərbaycanda 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənov deyib.
“Hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var”, – deyə o vurğulayıb.
Ə.Həsənovun sözlərinə görə, bütün məcburi köçkünlərin 35%-i Bakı şəhərində müvəqqəti məskunlaşıb.
“Hazırda respublika üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35%-i Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır. Bura texniki peşə məktəbləri də daxildir”, – deyə o qeyd edib.
Komitə sədri deyib ki, Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan 117 binada 7870 ailə məskunlaşıb.
“Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan 5 binada isə 354 ailə yaşayır. Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən respublika üzrə 52 bina qəzalı vəziyyətdədir. Onlardan 44-ü Bakı şəhərindədir və burada 4 min ailə məskunlaşıb. Yəni, 44 bina və 4 min ailə hər an təhlükə ilə üzləşə bilər”, - deyə baş nazirin müavini əlavə edib.
Onun sözlərinə görə, respublika üzrə 4000 ailə və ya 18 min məcburi köçkün uzun illər yerli sakinlərə məxsus mənzillərdə yaşayır.
“Ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə bəzi tədbirlər görülür. Bu il Tərtər rayonunda 1170 ailəlik qəsəbə tikilir. Bakı şəhəri və ətraf ərazilərdə mövcud qəsəbələrdəki boş torpaq sahələrində 260 ailəlik 4 yaşayış binasının tikintisi üçün maliyyə məsələləri həll olunub, inşaat işlərinə başlanılıb və oraya 2 qəzalı binada yaşayan məcburi köçkünlərin köçürülməsi təmin olunacaq”, – deyə Ə.Həsənov bildirib.
O deyib ki, Bakı şəhərində və ətraf qəsəbələrdə - Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Pirallahı rayonu ərazisində 330, habelə Sumqayıt şəhərində 2900 məcburi köçkün ailəsindən birinci mərhələdə 1000 ailə üçün yeni yaşayış komplekslərinin tikintisi məqsədilə müvafiq torpaq sahələri ayrılıb və layihələndirmə işləri həyata keçirilir.*
R.Babayev