Vergilər Nazirliyi biznes strukturları, xüsusilə də biznes dairələri təmsil edən ictimai təşkilatlarla tərəfdaşlıq münasibətlərinin genişlənməsi və dərinləşməsində maraqlıdır. Bu barədə vergilər naziri Fazil Məmmədov bəyan edib.
“Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması istiqamətində siyasəti bundan sonra da davam etdiriləcəyik”, - deyə F.Məmmədov “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransında bildirib.
Onun sözlərinə görə, vergi orqanlarında administrasiyanın təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası istiqamətində aparılan islahatlar iki mühüm prinsipə söykənən müasir baxış bucağı üzərində qurulub: “Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipidir. Yeni dövrdə vergi administrasiyasının ilkin vəzifəsi hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdan ibarətdir”, - deyə nazir qeyd edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində daxil edilən dəyişikliklər Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar təkanverici qüvvəsi olub. O nağdsız ödənişlərin artımının, düzgün vergi uçotunun hazırlanması, şəffaflığın artırılmasının mühüm rolunu qeyd edib.
AmCham-ın prezidenti Nuran Kərimov Palatanın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb. “İqtisadiyyat nə qdərə şəffa olarsa, Azərbaycan bir o qədər güclü olacaq”, - deyə N.Kərimov vurğulayıb.
Konfrans Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyi ilə birgə təşkil olunub. **
A.Axundov