Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı ilə iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev martın 10-da Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən İ.Əliyev iqtisadi əməkdaşlığa diqqəti artırmağın və xüsusilə qarşılıqlı ticarətin inkişaf etdirilməsinin önəmini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Dövlət başçısı bu sahədə yaxşı perspektivlərin olduğunu deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması ilə əlaqədar Səudiyyə Ərəbistanının Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığını vurğulayan prezident İ.Əliyev qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına bir daha təşəkkürünü ifadə edib.
Dövlət naziri Tamer Al-Sabha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyinin dəyişməz olduğunu deyib. O, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.*
F.İsazadə