Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna qadınlar və kişilər üçün pensiya yaşının 65 yaşadək artırılmasını nəzərdə tutan dəyişikliklər qəbul edilib.
«Qanuna dəyişikliklər kişilər üçün pensiya yaşının mərhələli şəkildə 63 yaşdan 65 yaşadək, qadınlar üçün isə 60 yaşdan 65 yaşadək artırılmasını nəzərdə tutur», - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev iclasda bildirib.
Hazırda kişilər üçün pensiya yaşı 63, qadınlar üçün 60 yaşdır.
Dəyişikliklərə əsasən kişilər üçün pensiya yaşı 2021-ci ilədək hər il 6 ay, qadınlar üçün 2027-ci ilədək hər il 6 ay müddətinə artırılacaq.
Bundan başqa, dəyişikliklər “pensiyanın baza hissəsi” anlayışının ləğv edilməsini nəzərdə tutur. Onun yerinə 110 manat məbləğində minimum pensiya tətbiq olunacaq.
Qanuna dəyişikliklər 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.*
R.Babayev