Paris Bakı ilə müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bu sözləri Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün O.Buşezi qəbul edib.
“Səfir Fransanın Azərbaycanla müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. O, bu proqramların vacibliyini xüsusi vurğulayıb”, – deyə məlumatda bildirilir.
Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.
Qoşunların qarşıdurma xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən müdafiə naziri vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir. Nazir qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.
“Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə