Bakı Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska ünvanladığı təbrik məktubunda deyilir.
“Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Sevindirici haldır ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübut etmişdir”, - deyə dövlət başçısının saytında dərc olunan məktubda vurğulanır.
“İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik”, - deyə məktubda qeyd olunur.
“Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafına, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyiniz dəstəyinizə görə sizə bir daha təşəkkür edirəm”, - deyə prezident vurğulayıb. **
R.Babayev