Maliyyə Nazirliyi 2016-cı ildə dövlət büdcəsindən 165 mln. manat məbləğində əsassız ödənişlərin qarşısını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xəbır verildiyi kimi, Maliyyə Nazirliyi 2015-ci ildə dövlət büdcəsindən 132 mln. manatdan artıq məbləğdə əsassız ödənişlərin qarşısını alıb.
2016-cı ildə nazirlik dövlət büdcəsindən vəsaitin ödənilməsi ilə bağlı iddiaçıların tələbləri ilə əlaqədar 421 məhkəmə prosesinə cəlb olunub. “Məhkəmə orqanlarının Maliyyə Nazirliyinin mövqelərini müdafiə etdikləri proseslər üzrə dövlət büdcəsindən 165 mln. manat məbləğində əsassız ödənişlərin qarşısı alınıb”, - deyə hökumətdən qeyd ediblər.
Ötən il nazirlik tərəfindən bir sıra rayon maliyyə idarələrində, ayrı-ayrı büdcə təşkilatlarında büdcə vəsaitinin məqsədyönlü istifadəsinə dair yoxlamalar həyata keçirilib.
“Həmin yoxlamaların nəticələrinə əsasən, bir sıra təşkilatlarda 12 mln. 258,3 min manat məbləğində dövlət vəsaitinin qeyri-məqsədli istifadəsi aşkar olunub. Bunun 9 mln. 168,9 min manatı büdcəyə ödənilib. Bundan başqa, Maliyyə Nazirliyinin müvafiq xidmətləri 6 büdcə təşkilatında vəsaitin mənimsənilməsi faktları aşkar ediblər. Həmin faktlar üzrə materiallar prokurorluq orqanlarına, daha bir fakt üzrə materiallar Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edilib”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, prolurorluq orqanlarının sorğuları və məhkəmə qərarları əsasında nazirlik tərəfindən bir sıra nəzarət tədbirləri həyata keçirilib. Nəticədə, 227,7 mln. manat məbləğində vəsaitin mənimsənilməsi faktları aşkarlanıb.
2016-cı ildə büdcə təşkilatlarında 921 vəzifəli şəxs aparılan yoxlamalar əsasında pozuntulara görə ümumilikdə 616,1 min manat məbləğində inzibati məsuliyyətə cəlb edilib. **
A.Əzizov