2016-cı ildə «Azercell Telecom» MMC-nin xalis mənfəəti 81,425 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 3,1 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən ötən il şirkətin gəlirləri 392,88 mln. manat (azalma 4,4%), xərcləri 304,387 mln. manat (artım 21,6%) məbləğində olub.
2016-cı ilin yekunları üzrə “Azercell”in əməliyyat mənfəəti 88,493 mln. manat (azalma 45%) təşkil edib.
Hesabat ilində şirkət məzənnə fərqindən 44,579 mln. manat (azalma 3,4 dəfə) gəlir əldə edib.
2016-cı ildə şirkət 53,301 mln. manat (azalma 17,6%) mənfəət vergisi ödəyib.
Qeyd olunan dövrdə “Azercell”in aktivləri 8,4% - 921,619 mln. manatadək artıb, uzunmüddətli aktivləri 2,6% - 478,481 mln. manatdək azalıb, qısamüddətli aktivlərində isə 23,6% - 443,138 mln. manatadək artım qeydə alınıb.
2016-cı ildə şirkətin öhdəlikləri 11,7% - 73,524 mln. manatadək azalıb.
Hesabat ilində “Azercell”in kapitalı 10,6% - 848,095 mln. manatadək artıb. 2017-ci ilin əvvəlinə bölüşdürülməmiş mənfəət 806,015 mln. manat (artım 11,2%) təşkil edib. Ötən il cəmiyyətin nizamnamə kapitalı dəyişməyib və cari ilin əvvəlinə 42,08 mln. manata bərabərdir.*
N.Abbasova