“Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi 2016-cı ildə 118 min ton neft, 17,1 mln. kubmetr qaz hasil edib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
2015-ci ildə NQÇİ üzrə 117,301 min ton neft və 15,285 mln. kubmetr qaz hasil edilib. Beləliklə, 2016-cı ildə idarə neft hasilatını 0,6%, qaz hasilatını 11,8% artırıb.
Ötən il proqnoza müvafiq olaraq 104,4 və 127,3 faiz əməl olunub.
“Hazırkı qiymətləndirmələrə əsasən, “Bibiheybət” yatağında 8 mln. ton neft ehtiyatı mövcuddur. Qalıq ehtiyatın yüksək hasilat göstəricisinə malik olduğu nəzərə alınaraq, daha dərin laylarda yeni tədqiqat-kəşfiyyat quyusunun qazılması qərara alınıb”, - deyə məlumatda bildirilir.
Bu il 4 quyunun yan lülə kəsilişi ilə qazılması, fəaliyyətsiz fondda olan 8 quyunun istismara qaytarılması, eləcə də mərkəzi neftyığma məntəqəsinin yenidən qurularaq istismara verilməsi, 10 obyektdə əsaslı təmir işlərinin həyata keçirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün 2 hektar ərazidə torpaqların təmizlənməsi nəzərdə tutulur.*
N.Abbasova