Azərbaycan Ukraynanın aqrar sektorunun investisiya layihələrində iştirakı perspektivli sayır. Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Kiyevdə Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Kutovoyla görüşdə deyib.
“Azərbaycan tərəfi istər say göstəricilərində, istərsə də təchizat nomenklaturasının genişləndirilməsində, o cümlədən Ukraynadan günəbaxan yağı, taxıl məhsulları, soya, qarğıdalı, ət, şokolad idxalında; Ukraynaya tərəvəz, fındıq, şərab, çay və s. məhsullar ixracında bu ölkə ilə əmtəə dövriyyəsinin artmasında maraqlı olduğunu bildirib”, - deyə Ukrayna Nazirlər Kabinetinin saytında məlumat verilir.
T.Kutovoyun sözlərinə görə, aqrar-sənaye kompleksi və əmtəə dövriyyəsinin genişləndirilməsi sahəsində ticari-iqtisadi münasibətlərin qarşılıqlı fayda əsasında planauyğun inkişafı Ukrayna ilə Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
“Ukrayna dünyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi sistemində güclü oyunçudur. Ölkəmizin aqrar-sənaye kompleksi istehsalatı genişləndirməklə bərabər, məhsul ixracını da artırır. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsini genişləndirmək üçün hər cür şərait var”, - deyə Ukraynanın aqrar siyasət və ərzaq naziri qeyd edib.*
A.Axundov